Bildiyiniz kimi biz artıq data əsrində yaşayırıq. Hal-hazırda yaşadığımız dünyada hər saniyə təxminən 37 terabayt data yaradılır. Bu qədər data yığılmasına baxmayaraq onu düzgün analiz edə bilməsək, həmin nizamsız məlumatların heç bir önəmi qalmır. Belə məqamlarda isə data vizuallaşdırma bizim köməyimizə gəlir.
İnsan beyni şəkilləri yazılardan 60 000 dəfə tez mənimsəyir. Elə bu səbəbə görə dataları vizual şəkildə görmək onları analiz etməyə və mövcud problemləri daha sürətli aşkarlamağa kömək edir.
İndi biz bilirik ki, data vizuallaşdırma niyə bu qədər önəmlidir. Gəlin baxaq bu sahədə bizə hansı alətlər kömək edir.
Data vizuallaşdırma sahəsinə hər gün yeni alətlər daxil olur. Bu alətlər rəqibləri ilə müqayisədə öz mövqeyini qoruyub saxlamaq üçün 2 əsas xüsusiyyətə malik olmalıdır: asan istifadə və sərfəli qiymət.
Yuxarıda göstərilən qrafik 2017-ci ili əks etdirməsinə baxmayaraq hələ də öz aktuallığını qoruyub saxlayır. Qrafikdən məlum olduğu kimi data vizuallaşdırma aləmində əsas oyunçular Tableau və Power BI-dır. Lakin bu alətlərdən başqa Quire, Qlik, Looker, Domo və digəriləri də data vizuallaşdırma sahəsində öz mövqeyini qoruyur.
Tableau və Power BI ən məşhur alətlər olduğundan istifadəçiləri tez-tez bu suallar düşündürür: Hansı alət daha yaxşıdır? Hansı aləti daha tez öyrənə bilərəm və ya rahat istifadə edərəm? Hansı daha sərfəlidir? Gəlin bu suallara cavab tapmaq üçün hər 2 platformanın xüsusiyyətlərinə ayrı-ayrılıqda baxaq və onları fərqləndirək.
Tableau nədir?
Tableau özünü “dünyada ən çox sevilən modern analitika platforması” kimi təqdim edir. Əsas məqsədiniz data vizuallaşdırmaqdırsa, Tableau bu sahədə möhtəşəm qrafiklərə malik ən yaxşı alət kimi şöhrət qazanıb. Möhtəşəm qrafiklər heç də ucuz başa gəlmir, ona görə də bu vizuallaşdırma alətindən əsasən orta və böyük korporativ bizneslər istifadə edir. Alətin ödənişsiz versiyası da var, lakin məhdud istifadə üçün nəzərdə tutulub. Tableau-nun istifadə məqsədindən asılı olaraq public, desktop, online və s. növləri var.
Power BI nədir?
Power BI Tableau-ya nisbətdə daha gənc platformadır, lakin 10 il sonra yaranmasına baxmayaraq heç də öz rəqiblərindən geri qalmır. Power BI vizual görüntüləri yaratmaq üçün Azure, SQL və Excel kimi mövcud Microsoft sistemlərindən istifadə edir. Bu – Azure, Office 365 və Excel kimi Microsoft məhsullarında işləyənlər üçün əla seçimdir. Bu alətin ən çox sevilən xüsusiyyəti həm istifadə, həm də büdcə baxımından hər kəs üçün əlçatan olmasıdır. Power BI desktop, pro və premium kimi növlərə bölünür.
İndi isə gəlin bu 2 ən məşhur alət arasındakı fərqlərə nəzər salaq:
Tableau | Power BI |
Tableau Explorer aylıq 35$ | Power BI aylıq 9.99$ |
Nəhəng miqdarda datanı daha üstün performansla vizuallaşdıra bilir |
Məhdud miqdarda datanı vizuallaşdırır, premium istifadəçilər üçün daha geniş imkanlar yaradılıb |
Data vizauallaşdırma qabiliyyəti öz funksionallığı ilə seçilir – istifadəçilərə 24 fərqli vizuallaşdırma qrafikindən istifadə imkanı yaradır |
Data vizuallaşdırmaq üçün istifadəçilərə 3500-dən çox məlumat nöqtəsi təklif edir |
Data analitiklər, mühəndislər və təcrübəli şəxslər istifadə edə bilir, öyrənmək elə də asan deyil |
İnterfeysi (interface) istifadə üçün asan olduğundan istənilən şəxs tez bir zamanda öyrənə və istifadə edə bilər |
Müştəri dəstək xidməti operativdir, müzakirələr üçün geniş forumu var |
Aləti ödənişsiz istifadə edən şəxslər üçün məhdud müştəri dəstək xidməti var, lakin ödənişli istifadə edən şəxslər üçün operativdir |
Çoxsaylı məlumat mənbələri ilə əlaqə yarada bilir |
Məhdud sayda məlumat mənbələri ilə əlaqə yarada bilir, lakin aylıq yeniləmələr ilə bu sayı artırır |
Hesabat təqdim etmək çox vaxt aparır |
Hesabat təqdim etmək asandır |
Bütün yuxarıda qeyd olunanlara əsaslanaraq nə Tableau, nə də Power BI platformasını daha üstün hesab edə bilərik. Bu bizim hansı məqsəd üçün istifadəmizdən, büdcəmizdən, hansı sistemlərlə işlədiyimizdən və digər bir çox faktorlardan asılıdır. Ümumilikdə, Tableau VS Power BI duelimiz bərabərliklə yekunlaşır. Power BI asan istifadəyə görə, Tableau isə sürət və təqdim etdiyi əlavə imkanlara görə qalib olur.
Aşağıda qeyd olunan linklərə keçid edərək siz də özünüzə və ya biznesinizə uyğun vizuallaşdırma alətini təyin edə bilərsiniz:
https://technologyadvice.com/business-intelligence/products
Tableau platformasının rəsmi saytı:
Power BI platformasının rəsmi saytı:
https://powerbi.microsoft.com/en-us/
Oxuduğunuz üçün təşəkkürlər!
Məqalə üçün heç bir rəy tapılmadı.